Categories
PSİXİATRYİA

Panik pozuntu

Daha çox xalq arasında “panik atak” və yaxud da “panik tutma” adı ilə bilinən panik pozuntudan bəhs edəcəyik.

Əslində demək lazımdır ki, “panik atak” ifadəsi bəzən xalq arasında doğru anlamda istifadə olunmur. Ya “panik pozuntu” nəzərdə tutulur və yaxud da ümumiyyətlə, hər hansı bir “təşviş pozuntusu” nəzərdə tutulur. Bu gün buna bir az açıqlama gətirəcəyik.

Panik pozuntu əslində gözlənilməz panik tutmalarla səciyyəvi olan bir pozuntu növüdür.

Panik pozuntuda görülən panik tutmaların əlamətləri nədir?

Panik pozuntuların əlamətləri

Ən çox görülən əlamətlər: anidən nəbz artışı, nəfəs darlığı, boğulma hissi, baş gicəllənmə, o anda əllərin, qolların keyiməsi və yaxud da soyuq tər hissi və eyni zamanda bu anda çox vaxt pasiyentlər ətrafda olub bitənlərin sanki real olmadığı hissinə qapılmış olurlar. Və ən önəmli xüsusiyyətlərindən biri odur ki, o anda pasiyentlər sanki anlıq olaraq, tutma vaxtı onlara nəsə bir zərər gələcək, daha dəqiq desək, bu tutma nəticəsində ölə biləcəklərini, infarkt keçirə biləcəklərini, insult keçirə biləcəklərini və yaxud da tam fərqli olaraq ağıllarını itirə biləcəklərini, dəli ola biləcəklərini düşünürlər ki, bu da məhz panik pozuntuda görülən panik tutmaları xarakterizə edən əlamətlərdir.–

Digər bir xarakter əlamətlərindən biri pasiyentlər çox vaxt bu panik tutmaların təkrarlana biləcəyindən qorxurlar. Zaman-zaman bunun təşvişini yaşayırlar. Qeyd etmək lazımdır ki, panik tutmalar, yəni panik pozuntuda görülən panik tutmalar həm anidən gələ bilər və yaxud da hər hansı bir tətikləyici, təkanverici faktorun nəticəsində də ortaya çıxa bilirlər. Xronik gedişata malik bir sıxıntıdır, xəstəlikdir. Ancaq müalicədə kifayət qədər yaxşı tabe olandır.

Panik ataklar, yəni panik pozuntu yox, məhz panika atakların özünə gəlmişkən, qeyd etmək lazımdır ki, panik ataklar və ya panik tutmalar sadəcə panik pozuntu üçün səciyyəvi deyil. Yəni fərqli təşviş pozuntularında, hətta depressiyada, obsessiv kompulsiv pozuntuda belə zaman-zaman görülə bilən panik tutmalar da ola bilir. Ona görə hər panik tutmaya mütləq “bu, panik pozuntudur” diaqnozu qoymaq yanlış olar. Və nəticədə panik pozuntu diaqnozu da ya ixtisaslı mütəxəssis, bir psixiatr tərəfindən qoyulmalıdır.

Panik pozuntunun müalicəsi 

Müalicəyə gəlincə… Hansı üsullarla müalicəyə üstünlük verilir?

Birinci, əlbəttə ki, dərman müalicəsidir. Burada ön plana çıxan müalicə üsulları antidepressantlar, bəzən də qısa dönəmdə trankvilizatorlardır. Digər bir müalicə üsulu isə psixoterapiyadır.

Fərqli psixoterapiya məktəbləri olmasına baxmayaraq və bir çoxu da hər halda panik pozuntunun müalicəsində bu və ya digər dərəcədə effektli ola bilir. Ancaq ən ön plana çıxan, ən sübut dərəcəsi yüksək olan psixoterapiya növləri, koqnitiv davranış terapiyası və panik fokuslu qısa psixodinamik psixoterapiyadır. Hər 2 psixoterapiyanın ortaq özəlliyi ondan ibarətdir ki, hər ikisi zaman olaraq məhduddur, strukturludur və konkret hədəfə yönəlik bir psixoterapiya üsullarıdır.

Panik pozuntuda dərman müalicəsi, yoxsa psixoterapiya?

Dərman müalicəsi ilə psixoterapiyanı qarşılaşdığımız zaman əksər hallarda əksəriyyət insanlar üçün vəziyyətdən çıxmaq anlamında, yəni panik tutmaların azalması və yaxud da tam aradan qalxması anlamında hər 2 müalicə üsulu aşağı-yuxarı bənzər effektivliyə sahibdir. Ancaq yenə də hər 2 müalicə üsulunun bir-birinə görə üstün və əskik cəhətləri var.

Dərman müalicəsinin üstün cəhətləri ondan ibarətdir ki, dərman müalicəsinin təsiri, adətən, psixoterapiyaya görə daha tez başlayır, öz təsirini daha tez göstərir. Amma mənfi cəhəti ondan ibarətdir ki, dərman müalicəsi, adətən, psixoterapiya qədər qalıcı nəticələr verməyə bilir.

Psixoterapiyanın əskik cəhəti odur ki, adətən, təsiri nisbətən daha gec başlayır, amma önəmli tərəfi odur ki, xüsusilə, koqnitiv davranış psixoterapiyasında, panik pozuntunun simptomlarının öhdəsindən gəlmək üçün bəlli bir bacarıqlar öyrədir və bu bacarıqlar pasiyent tərəfindən mənimsənildiyi üçün artıq irəli dönəmlərdə, nə vaxtsa psixoterapiya bitdiyində belə, çox uzaq dönəmlərdə panik pozuntunun əlamətləri ortaya çıxanda psixoterapevtin yardımı olmadan pasiyent özü də bu simptomların öhdəsindən gələ bilir. Və bu bacarıqları mənimsəmiş pasiyentlərdə, dolayısı ilə, terapiya keçmiş pasiyentlərdə psixoterapiya sonrası panik pozuntunun təkrarlanma riski dərman müalicəsinə görə qat-qat aşağı olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir