Categories
PSİXİATRYİA

Yeniyetmələrdə depressiv pozuntu

Yeniyetmələrdə depressiya əlamətlərini daha çox əsəbilik, akademik bacarıqlarda enmə, küsəyənlik, hansısa bir tənqidə, ya da zarafata aşırı həssaslıq, iştahda və yuxuda artış, televizora və internetə aşırı bağlılıq və öz-özünə güvəndə enmə şəklində görürük.

Depressiya bir psixiatrik diaqnozdur və əsas simptomları üzüntü və zövq almamadır. Təbii ki, bunlarla yanaşı digər simptomlar da olur. İstəksizlik, gələcəyə dair neqativ fikirlər, özünə günahkarlıq hissi, dəyərsizlik hissi, yuxu və iştah problemləri, diqqəti toplamada problemlər, qərar verə bilməmək, cinsi istəyin azalması, ölüm düşüncələri və intihar fikirləridir.

Yeniyetmələrdə depressiyanın əlamətləri

Yeniyetmələrdə bu bir az fərqli olur böyüklərə nisbətən. Burada daha çox biz klinikada əsəbilik, akademik bacarıqlarda enmə, küsəyənlik, hansısa bir tənqidə, ya da zarafata aşırı həssaslıq, iştahda və yuxuda artış, televizora və internetə aşırı bağlılıq və öz-özünə güvəndə enmə görürük.

Yeniyetmələrdə depressiya zamanı əhval-ruhiyyə çox dalğavari olur. Yəni bir günün içində, bir neçə saat ərzində yeniyetmənin əhvalı çox əla ola bilər və bir neçə saatdan sonra daha çökkün vəziyyətdə görə bilirik və bu, təbii ki, xüsusilə, valideynlər tərəfindən depressiyanın gözdən qaçmasına səbəb olur.

Xüsusilə də, oğlan uşaqlarında anamnezdə diqqət əskikliyi və impulsivlik varsa, depressiya özünü daha çox davranış problemlərində göstərir. Evdən qaçma, məktəbdən qaçma, riskli davranışlar, cinayətə qoşulma, ya oğurluq belə ola bilər.

Depressiya diaqnozunun qoyulması

Təbii ki, hər ümidsizlik yaşayan, zövq ala bilməyən yeniyetməyə depressiya diaqnozu qoymuruq. Bu simptomların ən azı 2 həftə ərzində davam etməsi lazımdır. Və bu müddətdə biz yeniyetmənin həmyaşıdları ilə, ya da ailə üzvləri ilə münasibətlərdə problem yaşanmasını görürük və bu, təbii ki, depressiyanın şiddətini daha da artırır.

Yeniyetmənin intellekti, ailə mühitinin daha pozitiv olması və yeniyetmənin bacarıqları, təbii ki, depressiyanın şiddətinə təsir edir. Çalışmalar göstərir ki, ailə mühiti daha neqativ olduğu zaman, intellekt və bacarıqları ilə problem olduğu zaman depressiya daha şiddətli və uzunmüddətli ola bilər.

By Dr.Yasəmən Səmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.