Categories
PSİXİATRYİA

Obsessiya və Kompulsiyalar

Obsessiya və kompulsiya nədir?

Obsessiya fərdin ağlına gələn, amma onun məntiqinə, inancına, dünyagörüşünə uyğun olmayan fikirlər, obrazlar və yaxud da davranış istəklərdir.

Bunlar eyni zamanda güclü narahatlıq və təşviş hissi ilə də müşayət olunur. Fərdin özünə yad olan bir fikir və yaxud da bir obraz ağlına gəlir və bu obraz, ya da fikir ağlına gəldiyi zaman o ciddi narahatlıq hiss edir bununla əlaqəli. Bunlara biz deyirik obsessiyalar.

Kompulsiyalar isə bu obsessiyalar olduğu zaman rahatlamaq üçün fərdlərin elədiyi davranışlardır. Yəni bu narahatlığı hiss eləyəndə rahatlamaq üçün müəyyən davranışlar sərgiləyirlər. Bu düşüncə ilə əlaqəli bir şey də ola bilər, hərəkətlə əlaqəli bir şey də ola bilər. Bunu elədikləri zaman o sıxıntıları müəyyən qədər azalmış olur.

Obsessiya və kompulsiyalar əslində normal populyasiyada da gördüyümüz, qarşılaşdığımız bir şeydir.

Çox rast gəlinən obsessiya və kompulsiyalar

Yoluxma, kirlənmə ilə əlaqəli obsessiyalar və kompulsiyalar

Ən çox rast gəldiyimiz şey yoluxma ilə əlaqəli olaraq obsessiyalar və yaxud da kirlənmə ilə əlaqəli olaraq obsessiyalar. 

Fərd özünü kirli hiss eləyir, əlini və yaxud da bədənini kirli hiss edə bilər. Və yaxud hər hansı bir xəstəliyin ona yoluxacağını düşünə bilər və bundan təmizlənmək üçün təmizlənmə davranışları ortaya qoya bilər, kompulsiyaları yəni. Bunlara da kompulsiya deyirik.

Tez-tez əlini yuya bilər, çimdiyi zaman hamamda çox vaxt keçirə bilər, xüsusi vasitələrdən istifadə eləyə bilər təmizlənmək üçün. Bunlar təmizliklə və yaxud da yoluxma ilə əlaqəli olan obsessiya və kompulsiyalardır.

Şübhə obsessiyaları və kompulsiyaları

Bundan başqa şübhə obsessiyaları və kompulsiyaları olur. 

Nə olur? Özünə zərər gələcəyi ilə əlaqəli və yaxud da kiməsə zərər verəcəyi ilə əlaqəli obsessiv fikirləri ola bilər. Düşünə bilər ki, nə isə pis bir hadisə baş verə bilər, ona görə gedib, məsələn, qapını tez-tez yoxlaya bilər. Qazdan bir qəza çıxa bilər deyə gedib qazın altını tez-tez yoxlaya bilər. Evdə elektrikləri yoxlaya bilər. 

Bundan başqa, özündən kiməsə bir zərər gələcək deyə şübhəyə qapılıb, yenə bununla əlaqəli də narahatlığı ola bilər.

Simmetriya ilə əlaqəli obsessiya və kompulsiyalar

Obsessiya və kompulsiyaların bir başqa növü simmetriya ilə əlaqəli ola bilər. Hər şeyin simmetrik durması, əşyaların əyri durmaması, səliqə-sahman olması ilə əlaqəli kompulsiyalar da ola bilər. Yəni “səliqəsizlikdən, simmetriyanın olmamasından narahat olmaq” şəklində.

Cinsi və dini obsessiyalar

Cinsi obsessiyalar ola bilər. Məsəl üçün, “kiminsə cinsi orqanına baxaram, gözüm sataşar” deyə obsessiv fikirlər ola bilər. Və yaxud da “insan içində, insanların arasında cinsi bir oyanmam olar və kimlərsə bunu hiss eləyə bilər” deyə obsessiyalar ola bilər.

Dini obsessiyalar ola bilər. Dinlə əlaqəli, öz dünyagörüşünə uyğun olmayan şəkildə dinə qarşı nalayiq fikirlər, tanrıya qarşı, peyğəmbərə qarşı nalayiq fikirlər ağlından keçə bilər. Halbuki bu fikirlər onun öz dünyagörüşü ilə uyğun gələn şeylər deyil.

Toxunma, sayma, hesablama kompulsiyaları

“Toxunma kompulsiyaları” dediyimiz kompulsiyalar var. Fərz edək ki, “Qapının dəstəyinə 3 dəfə toxunmasam nə isə pis bir şey olacaqdır, mütləq mən gedib ora toxunmalıyam” şəklində kompulsiyalar ola bilər.

Başqa çox gördüyümüz yenə: sayma, hesablamaq kompulsiyaları, rəqəmlər gördüyü zaman onları toplamaq, çıxmaq, vurmaq, bölmək, nə isə bir əməliyyat aparmaq onlarla əlaqəli… Və yaxud da “Neçəyə qədərsə saymalıyam ki, rahat olum” şəklində kompulsiyalar ola bilir.

Batil inanclarla əlaqəli obsessiya və kompulsiyalar

Batil inanclarla əlaqəli obsessiya və kompulsiyalar olur. Məsəl üçün, cəmiyyətdə çox gördüyümüz: qulağını çəkmə, “tü tü tü…” eləmək kimi şeylər də əslində kompulsiv davranışlar hesab olunur.

Uğurlu-uğursuz rəqəmlərlə bağlı obsessiya və kompulsiyalar

Uğurlu rəqəmlər. Yəni küçədə gedəndə qarşısına bir rəqəm çıxdığı zaman, hətta geri qayıdan pasiyentlər də olur ki, “Bu uğursuz rəqəmdir”, bununla əlaqəli bir şey olacaqmış kimi düşünən insanlar olur.

Eyni şey rənglərlə əlaqəli də ola bilər: “uğurlu-uğursuz rənglər” kimi.

Obsessiya və kompulsiyalara görə psixiatra müraciət etmək lazımdırmı?

Bizi izləyən insanlar deyə bilərlər ki, “Bu danışdığımız şeylərdən hər hansı biri məndə də var. Mən də xəstəyəmmi? Məndə bir problem varmı?” deyə. Yox. Əslində ara-ara, arada bir hamıda belə şeylər ola bilər.

Nə vaxt bunun klinik əhəmiyyəti olur və insanlar bunun üçün kömək axtarmalıdırlar? O vaxt ki, bu obsessiya və kompulsiyalar fərdin bütün həyatını zəbt eləyir, həddindən çox vaxtını alır, günlük həyat fəaliyyətlərinə icazə vermir, insanlar arasındakı münasibətlərinə zərər verməyə başlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir