Categories
PSİXİATRYİA

Psixoz və nevroz nədir?

Əslində psixoz və nevroz heç biri ayrı-ayrılıqda bir xəstəlik deyil. Bunlar müəyyən psixiatrik əlamətlərin, simptomların çərçivə bir anlayışıdır, çərçivə bir tərifidir.

Nədir psixoz ya da ki psixotik əlamətlər dediyimiz şey? Nədir nevroz və yaxud da nevrotik əlamətlər dediyimiz şey?

Əvvəlcə psixozdan başlamağın daha doğru olacağını düşünürəm, geri qalanı da nevroz olaraq tərif edə bilərik.

Psixoz insanın reallıqla olan bağlantısının ciddi şəkildə pozulması deməkdir. Real olanın, həqiqi olanın dəyərləndirməsinin ciddi olaraq pozulması deməkdir.

Psixotik əlamətlər hansılardır?

Adətən çox gördüyümüz şeylərdən biri halusinasiyalardır. Halusinasiyalar psixotik əlamətlər hesab olunur. 5 duyğu üzvümüzdən: görmə, qoxu, eşitmə, dad bilmə, toxunma hisslərimizin hər biri ilə əlaqəli olaraq halusinasiyalar ola bilər.

Halusinasiyalar nə deməkdir?

Bu 5 duyğu üzvləri ilə əlaqəli olaraq müəyyən səhv qıcıqların qəbul edilməsi, olmayan şeylərin var imiş kimi, həqiqət olaraq qəbul edilməsi.

Ən çox gördüyümüz xəstələrimizdə görmə ilə əlaqəli halusinasiyalar – yəni olmayan şeylərin görülməsi… Və yaxud da eşitmə ilə əlaqəli olan halusinasiyalar – olmayan şeylərin eşidilməsi…

Başqaları tərəfindən eşidilməyən şeylərin insanlar tərəfindən eşidilmədisinə halusinasiyalar deyirik.

Halusinasiyalardan başqa psixotik əlamətlərə aid olan psixoz dediyimiz hallarda gördüyümüz şeylər sayıqlamalardır.

Sayıqlamalar fərdin mədəni səviyyəsi ilə, fərdin o cəmiyyətdə uyğun olan, qəbul edilən inanclardan fərqli olan və məntiqlə dəyişdirilə bilməyən inanclarının mövcud olmasıdır. Yəni fərd müəyyən bir inanca sahibdir, amma bu inanc nə onun mədəni səviyyəsi ilə, nə onun yaşadığı cəmiyyətin inancları ilə izah edilə bilmir.

Bunlar nə ola bilir? 

Zərər görmək ilə əlaqəli olaraq düşüncələr: qonşusunun, ya da küçədə gördüyü bir adamın onu izlədiyini, ona zərər verəcəyini düşünərək buna şiddətli şəkildə inanır və məntiqlə siz bunu dəyişdirə bilmirsiniz.

Böyüklənmək ilə əlaqəli olaraq sayıqlamalar ola bilər. Özünü çox böyük biri, peyğəmbər zənn eləyə bilər və siz nə qədər məntiqi mübahisə aparsanız da, bunu dəyişdirə bilməyəcəksiniz.

Və yaxud da erotomanik olaraq çox əhəmiyyətli birinin ona aşiq olduğunu fikirləşmə şəklində sayıqlamalar ola bilər.

Sayıqlamalar da psixotik simptomlar olaraq ələ alınır və reallığın düzgün qiymətləndirilməməsi olaraq görülür.

Eyni zamanda psixotik əlamətlərə düşüncə və davranışlardaki dağınıqlıq da aiddir. Düşüncə tamamilə dağınıq hala gəlir, bir-biri ilə əlaqəsiz sözlər, bir-biri ilə əlaqəsiz cümlələr, bir-biri ilə əlaqəsiz fikirlər bir-birinə qarışa bilir. 

Yəni düşüncədə dağınıqlığı olan psixotik bir xəstə ilə söhbət elədiyiniz zaman onun danışığından hər hansı bir şey başa düşmək mümkün olmur.

Eyni dağınıqlıq hərəkətləri ilə, davranışları ilə əlaqəli də ola bilər. Heç bir məqsədə xidmət eləməyən davranışlar sərgiləyə bilərlər. Kənardan baxıldığı zaman mənasız, məqsədsiz hərəkətlər olaraq görülə bilər.

Psixoz bir diaqnoz deyil, bir xəstəlik deyil. Psixoz çox müxtəlif hallarda – üzvi xəstəliklərlə də əlaqəli ortaya çıxa bilər, nevroloji xəstəliklərlə də ortaya çıxa bilər, eyni zamanda psixiatrik xəstəliklərdə də ayrıca görülə bilər.

Psixotik əlamətləri gördüyümüz xəstəliklər ən məşhuru olanlarından biri Şizofreniya xəstəliyidir ki, bunda psixotik əlamətlər görürük. Eyni zamanda Bipolyar xəstəliyində də psixotik əlamətlər görülə bilər. Bəzən depressiyaların ağır formalarında da psixotik əlamətlər görülə bilər.

Nevroz nədir?

Psixiatriyada geri qalan əlamətlərin hamısına, yəni psixozdan fərqli olan əlamətlərin hamısına nevrotik əlamətlər, nevroz əlamətləri deyə bilərik.

Psixozla nevrozun arasında qalan müəyyən sərhəd vəziyyətlər də var, amma bu, mövzumuza aid deyil və çox da tez-tez rast gəldiyimiz bir şey deyil.

Nevroz psixozdakı kimi düşüncə və emosiyalarda və yaxud da duyğu üzvlərindən gələn informasiyalarda çox ciddi problemlərin olmadığı hallardır. Yəni əlbəttə ki, nevroz hallarında da düşüncə, emosiya və hisslərlə əlaqəli müəyyən pozulmalar olur, amma reallıqla bağlantı ciddi şəkildə pozulmamış olur. Yəni reallıqla bağlantını qoruyur nevrotik xəstələr.

Nevrozlarda hansı pozulmalar olur?

Nevrozlarda daha çox dediyim kimi düşüncə və emosiyalar ilə əlaqəli müəyyən disbalans yaranır. Uyğunlaşmaqda çətinliklər yaranır.

Nevroz Azərbaycanda, xəstəlik, diaqnoz kimi istifadə olunsa da, ayrıca bir diaqnoz olaraq müasir təbabətdə qəbul edilmir. Amma nevrotik əlamətlər, müxtəlif xəstəliklərdə görülə bilir. Məsələn depressiya xəstəsində…

Depressiya xəstəsində mənfi emosiyalar daha qabarıq hala gəlir, müsbət emosiyalar isə daha az hiss edilir. Yəni bunların arasındaki balans pozulur. Eyni zamanda fikirlər baxımından da… Bədbin fikirlər daha ön plana çıxır, nikbin fikirlər daha geri plana düşür. Yəni burada reallıqla bağlantı qopmur. Yəni şəxs reallığı normal, düzgün olaraq qiymətləndirə bilir, amma vurğuladığı, üstünə düşdüyü fikirlər və emosiyalar daha çox mənfi tonlarda olur.

Və yaxud təşviş pozuntularında… Təşviş normalda da hamımızda olan bir şeydir, vaxtaşırı hamımız keçirdiyi bir şeydir. Amma təşviş hissi həddindən çox olduğu zaman, çox uzun müddət çəkdiyi zaman, yersiz ortaya çıxdığı zaman fərdin uyğunlaşmasını poza bilir.

Obsessiv Kompulsiv Pozuntuda… Orada da düşüncə və emosiyaların birliyində bir problem yaranır. Yəni ağla gələn bir düşüncənin yaratdığı narahatlıqla pasiyent başa çıxmaqda çətinlik çəkir. Reallığı bilir, bilir ki, bu ağlına gələn fikir məntiqli fikir deyil, bilir ki, ağlına gəldi deyə bir şey olmayacaq, amma yenə də onun yaratdığı narahatlıqla başa çıxmaqda çətinlik çəkir. 

Nevrotik əlamətlər hansı hallarda ortaya çıxır?

Müxtəlif səbəblərdən nevrotik əlamətlər ortaya çıxa bilər. Bunların da arasında üzvi səbəblər var. Bəzi xəstəliklərlə əlaqəli olaraq da nevrotik əlamətlər ortaya çıxa bilir. Psixotik xəstəliklərdə də nevrotik əlamətlər olur.

Xalq arasında bilinənin əksinə biz nevrotik əlamətlərlə olan problemləri daha tez-tez görürük. Yəni psixiatrlar xalq arasında elə düşünülür ki psixozla maraqlanırlar və ancaq psixotik xəstələrə baxırlar. Amma bizim xəstələrimizin böyük əksəriyyətlərini heç də psixoz əlamətləri olan pasiyentlər deyil, nevrotik əlamətləri olan pasiyentlər təşkil edir.

Psixotik və ya nevrotik əlamətlər gördükdə nə etmək lazımdır?

Nə eləmək lazımdır psixotik və yaxud da nevrotik əlamətlər ortaya çıxdığı zaman, bunları gördüyümüz zaman? 

Əlbəttə ki, mütəxəssisə müraciət etmək lazımdır.

Mütəxəssisə müraciət etdikdən sonra bunun səbəbi ilə əlaqəli olaraq araşdırmalara gedilə bilər. Yəni əgər üzvi bir patologiyadan şübhələnilirsə, o sahənin mütəxəssinə yönləndirilə bilər. Yox əgər üzvi bir patologiyadan şübhələnilirmirsə və bu sadəcə psixiatrik hal olaraq görülürsə, psixiatrik olaraq müalicəsi planlaşdırıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.